Xəbərlər
Suqovuşanda seçkilərin şəffaf və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Ağdərə rayonunda da uğurla təşkil edilib.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin Suqovuşan qəsəbəsindəki 49 saylı seçki məntəqəsinin sədri Tural Əzizov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqədə Talış kənd sakinləri və ərazidə çalışanlar səs verirlər. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Seçki prosesini 7 yerli müşahidəçi izləyir.
Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə iki seçki məntəqəsi işğaldan azad edilmiş ərazilərdə yerləşir. 49 saylı məntəqə Ağdərə rayonunun Suqovuşan qəsəbə tam orta məktəbinin, 50 saylı məntəqə isə Ağdərə şəhər mədəniyyət evinin binasında təşkil edilib.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.