Xəbərlər
İşğaldan azad olunan Füzuli şəhərində səsvermə prosesi 4 seçki məntəqəsində təşkil edilib
Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Füzuli şəhərində seçicilərin səs verməsi üçün 4 məntəqə fəaliyyət göstərir. Füzulidə məskunlaşan sakinlər yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.
84 saylı Füzuli Seçki Dairəsi Dairə Seçki Komissiyasından verilən məlumata görə, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, 4 seçki məntəqəsi işğaldan azad olunan Füzuli şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 54246 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 583 nəfərdir. İşğaldan azad olunan Füzuli şəhərindəki 4 seçki məntəqəsi - 75, 76, 77, 78 saylı seçki məntəqələri fəaliyyət göstərir.
Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Dairə üzrə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişatını izləmək üçün 1253 nəfər müşahidəçi qeydiyyatdan keçib.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.