Xəbərlər
Azərbaycan Prezidenti: Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır
“Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq, bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimlərsə - buradan minlərlə kilometr uzaqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır”.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 137-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı mayın 19-da Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı söyləyib. Oxucu həmin tədbirin materialları ilə bu kitabda tanış ola bilər.
Çoxcildliyin 137-ci cildində toplanmış materiallar 2024-cü ilin may ayını əhatə edir.
Yeni kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatlarının mətni, dövlət başçılarının Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “Interfood Azerbaijan” sərgiləri ilə tanışlığına, habelə Füzuli rayonuna və Şuşa şəhərinə səfərlərinə dair materiallar daxil edilib.
Prezident İlham Əliyev may ayında Cəbrayıl rayonunda səfərdə olub, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin təməllərini qoyub. Dövlətimizin başçısı, həmçinin Zəngilan rayonuna səfər edib, Ağalı kəndində “Ağalı” hotelinin açılış mərasimində iştirak edib, Mincivan qəsəbəsinin təməlini qoyub, “Zəngilan” və “Şayıflı” su-elektrik stansiyalarının, Zəngilan məscidinin açılış mərasimlərində iştirak edib, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.
Çoxcildliyin 137-ci kitabında Prezident İlham Əliyevin Azərbaycana dövlət səfərinə gəlmiş Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşünə, iki ölkənin liderlərinin mətbuata bəyanatlarla çıxışlarına, sənədlərin imzalanması mərasiminə dair materiallar da toplanıb.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin aprelin 26-da Berlində keçirilmiş “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsi ilə də tanış ola bilər.
Yeni nəşrə Prezident İlham Əliyevin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətinin mətni də daxil edilib.
Həmçinin kitabda dünya liderlərinin və nüfuzlu şəxslərin 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə göndərdiyi məktubları yer alıb.