Xəbərlər
Türkiyəli ekspert: COP29 sülhün təşviqi platformasına çevrilə bilər
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iştirakçı ölkələr Olimpiya Oyunlarının ənənələrindən nümunə götürərək atəşkəs elan edə bilərlər ki, bu da fikir ayrılıqlarının uzunmüddətli həlli mövzusunu müzakirə etməyə imkan verəcək. Bu fikri türkiyəli ekspert Muharrem Sarıkaya “Habertürk” telekanalının saytında dərc olunan məqaləsində qeyd edib.
Ekspert COP29-un Olimpiada ilində keçirilməsini əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, Azərbaycanın ev sahibliyi edəcəyi genişmiqyaslı beynəlxalq tədbir bütün dünyada “düşmənçilikdən əl çəkməyə” töhfə verə bilər.
Sarıkaya xatırladıb ki, artıq 50-dən çox ölkə öz nümayəndələrinin noyabrda Bakıda keçiriləcək iqlim müzakirələrində iştirakını təsdiqləyib.
Ekspert Azərbaycanla olan ziddiyyətlərə baxmayaraq, COP29-un Bakıda keçirilməsi ideyasını dəstəkləyən Ermənistanın mövqeyini xatırladıb. “Sülh səylərinin nə dərəcədə uğurlu olacağı hələ ki, məlum deyil, lakin Azərbaycanda iqlim konfransının ümumi platformasında müharibə edən ölkələrin nümayəndə heyətlərinin iştirakı faktı artıq çox şeydən xəbər verir”, - deyə məqalənin müəllifi qeyd edib.
O yazır ki, Rusiya Prezidenti Vladimir Putin BMT-nin Azərbaycanda keçiriləcək konfransında iştirak edərsə, COP29 iqlim sammiti 2022-ci ilin fevralından sonra Rusiya Federasiyası ilə Qərbi birləşdirəcək ilk platforma olacaq.
Sarıkaya əlavə edib: “Eyni zamanda, Suriya Prezidenti Bəşər Əsədin, eləcə də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıdakı müzakirələrdə iştirakı da əhəmiyyətli olacaq. Bəlkə də COP29-a qədər qalan iki ay bir çox ziddiyyətləri həll etmək üçün kifayət etməyəcək, amma fakt budur ki, ölkələr münaqişələrdən yorulub və ən azı atəşkəsə can atırlar. Azərbaycanda keçirilən konfrans həm də Yaxın Şərqdə sülhə nail olunması yollarının axtarılması platformasına çevrilə bilər”.
Ekspert vurğulayıb ki, sülhməramlı məqsədlərə nail olmağa töhfə verə biləcək ölkə beynəlxalq nüfuzunu ciddi şəkildə artıracaq.
Müəllif diqqəti Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsində yer alan Bakının COP29 çərçivəsində təkcə iqlim gündəliyini deyil, həm də sülhü təşviq etməyə çalışması barədə bəyanatına çəkib.