Xəbərlər
Türkiyənin Zəfər bayramı münasibətilə Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsi ziyarət olunub
Avqustun 30-da Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.
Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 30-da Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Əvvəlcə Zəfər bayramının tarixi barədə məlumat verilib. Bildirilib ki, Türkiyə xalqı və Türkiyə Silahlı Qüvvələri qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 102 il bundan əvvəl, 1922-ci il avqustun 30-da tarixi Zəfər qazanaraq, bu tarixi yaddaşlara azadlıq günü kimi həkk edib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb. Deyib ki, qardaş Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhadətə yüksələn şəhidlər “Bir millət, iki dövlət” şüarının əsasını təşkil edərək Türkiyə-Azərbaycan qardaşlığının möhkəmləndirilməsində, şübhəsiz, ən böyük pay sahibidirlər. Səfir bildirib ki, onların qəhrəmanlıqları illər sonra 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan qurtaran Azərbaycan əsgərlərinə ilham və güc verdi. Cahit Bağçı əlavə edib: “Şəhid düşdüyünüz bu torpaqlarda millətin qəlbində əbədi yaşayacaqsınız. Sizdən miras qalan bir inancla müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizi bundan sonra daha da genişləndirmək üçün səylərimizi qərarlılıqla davam etdirəcəyik”.
Şəhidliyin xatirə dəftərini imzalayan Türkiyə səfiri bildirib ki, xalq bu qələbəni əzmkarlıq və dəyanətlə qazanıb.
Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.
Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.