Xəbərlər
Xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzi

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi davamlı uğurlarında öz sözünü deyir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxaalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir. Türk dünyasının birliyi xarici siyasətimizdə xüsusi yer tutur. Dünya hər zaman türk ailəsinin həmrəyliyinin şahidi olub və olur.
Tarixi Zəfərimiz birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda biri-birinə dəstək diqqətdən kənarda qalmır. Bu günlərdə ölkə Prezidenti İlham Əliyev Özbəkistanda dövlət səfərində oldu. İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. İki ölkə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı.
Cənab İlham Əliyev dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə kimi xarakterizə edilir. Bu səfərin gündəliyinə Özbəkistan-Azərbaycan müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil oldu.
Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Özbəkistan Prezidenti mətbuata bəyanatında bu məqama da diqqəti yönəltdi ki, biz, həmçinin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı vasitəsilə birgə səyləri davam etdirəcəyik: “Regionlararası əlaqələrin potensialından maksimum istifadə edəcəyik. May ayında Quba şəhərində regionların forumu uğurla keçirildi. Regionlararası kooperasiya üzrə yol xəritəsini qəbul etmək, növbəti forumun gələn il Kokand şəhərində keçirilməsi, paytaxtlarda turistik komplekslərin yaradılması qərara alındı.”
Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı, müttəfiqliyi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də özünü nümayiş etdirir. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim. Çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. İstər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi: “Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir. Qarabağ haqqında söylədiyiniz sözlərə görə sağ olun. Hamınız bilirsiniz ki, bu, təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ idi. Ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsi tarixi ədalətin və beynəlxalq hüququn bərqərar olmasıdır.”
Qısa təhlil bu qənaətə əsas verir ki, eyni soykökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. İmzalanan hər bir sənəd yeni istiqamət üzrə əməkdaşlıq, sabaha bir çağırışdır.