Xəbərlər
Əlaqələrin gələcək inkişafı üçün möhkəm baza mövcuddur

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr yeni istiqamətlər üzrə inkişaf etməkdədir. Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Son 20 ilə yaxın dövrdə Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlətimizin başçısının 2004-cü ildə Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanmışdır. Strateji tərəfdaşlıq münasibətlərinin əsasını qoyan həmin sənəddə tərəflərin keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin və ATƏT-in qərarlarının yerinə yetirilməsinə qəti şəkildə dəstək verdikləri ifadə olunub. Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Belə ki, Özbəkistan 2008-ci ildə BMT Baş Assambleyasında səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olmuşdu. Həmçinin 2021-ci il mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etdi. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəbin inşa ediləcəyini bildirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən il ölkəmizə rəsmi səfəri çərçivəsində Füzuli rayona getdi və həmin məktəbin açılış mərasimində iştirak etdi. Atılan bu mühüm addım iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır.
Cənab İlham Əliyevin 22-23 avqust tarixlərində Özbəkistana dövlət səfəri bir daha münasibətlərimizin dünəninə, bu gününə və perspektivlərə işıq saldı. “Mən qardaş ölkədə tez-tez oluram. Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı göstəricidir” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, hələ başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki, bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib.
Səfər çərçivəsində səmərəli görüşlər keçirildi və görüşlər zamanı qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi. Bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu. Səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri müttəfiqlik münasibətləri haqqında Müqavilə oldu. Özbəkistan Prezidenti bu məqamı da xüsusi qeyd etdi ki, həmçinin müttəfiqlik münasibətlərimizin dərinləşməsi üzrə yeni təkliflərin hazırlanması və həyata keçirilməsinin səmərəli mexanizmi olan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirildi. Azərbaycandakı birinci görüşümüzdə əməkdaşlığın on istiqaməti müəyyən edildi: “Məmnunluqla və əminliklə demək istəyirəm ki, razılaşmaların heç biri kağız üzərində qalmayıb. Bizim real nəticələrimiz var. Bu gün 20 yeni istiqamət götürmək üzrə razılıq əldə etmişik, bu, əməkdaşlığımızın real istiqamətləridir və İlham Heydər oğlu məmnuniyyətlə qəbul etdi. Zənnimcə, indi dərindən məşğul olacağımız sahələr, istiqamətlər var. Ümumilikdə, danışıqlar ənənəvi olaraq, açıq və konstruktiv ab-havada keçdi. Hesab edirəm ki, görüşümüzün uğurunun əsasını böyük hazırlıq işi təşkil edir. Biz, sadəcə, danışmırıq, hər istiqamət üzrə çox diqqətlə işləyirik, nazirliklərimizin və idarələrimizin nümayəndələri artıq öyrəşiblər ki, Azərbaycanla nəzərdə tutduqlarımızı mütləq yerinə yetirməliyik.”
Atılan addımlar, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Bir sözlə, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı üçün möhkəm baza mövcuddur.