Xəbərlər
Etibarlı münasibətlərin göstəricisi

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.
Ölkə başçısının Özbəkistan səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Belə ki, İki ölkə arasında 1995-ci ildə diplomatik münasibətlər qurulub, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda diplomatik nümayindəlikləri fəaliyyətə başlayıb. Tarixi faktlar isə təsdiq edir ki, eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan xalqlarımız arasında münasibətlər daha qədimlərə qədər gedib çıxır. Bu gün dünyanın yeni düzəni formalaşır, bu düzənin vacib seqmentlərindən biri də Türk dövlətləri birliyidir. Bu birlik yalnız etnik kimliyə, din və dil birliyinə söykənmir. Regionda, xüsusilə də Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş bir ərazidə yeni bir mədəni, siyasi, iqtisadi və gələcəkdə də hərbi ittifaqın daha etibarlı forması qurulmaqdadır. Azərbaycan bu sahədə, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, məhz bu qurumun nüfuzunun artırılmasına xidmət edir. Bu, həm də müasir müstəqil Azərbaycanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu xarici siyasətin bir komponentlərindəndir. Bu uğurlu diplomatik fəaliyyət, həmçinin türk dövlətləri arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu mənada Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin inkişafı mühüm yer tutur.
Bu səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparılmış, bir sıra mühüm sənədlər imzalanmışdır. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. İki ölkə arasında perspektiv əməkdaşlıq türk xalqları arasında dostluq əlaqələrinin güclənməsində, regionda sabitliyin bərqərar olmasında mühüm amildir.
Dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfə verəcək və ölkələr arasında münasibətlərdə yeni mərhələ təşkil edəcək. Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə də daha yeni səviyyəyə yüksələcək və Türk dövlətləri birliyinin bütün dünyanın hesablaşmağa məcbur olacağı, möhtəşəm birliyə çevrilməsinə təkan verəcək.