Xəbərlər
Münasibətlərdə tarixi məqam

Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. 1995-ci ildə diplomatik münasibətlər yaradan Azərbaycanla Özbəkistan arasında qarşılıqlı əlaqələrin tarixi uzaq əsrlərə gedib çıxır. Bu iki xalqı yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ortaq dəyərlərə və tarixə, sıx əlaqələrə malik olan ölkələrimiz arasında çoxşaxəli münasibətlər davamlı şəkildə inkişaf edir. Hazırda minlərlə azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Hər iki ölkənin dövlət başçılarının dostluq və qardaşlıq münasibətləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın daha da güclənməsinə münbit şərait yaradıb. İmzalanmış 160-dan çox sənəd, o cümlədən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” dayanıqlı hüquqi baza formalaşdırıb. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır.
Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə hər zaman böyük diqqət yetirirlər. Münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin intensivləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
2024-cü il avqustun 22-23-də Prezident İlham Əliyevin Daşkəndə rəsmi səfəri bu baxımdan tarixi hadisə hesab oluna bilər. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçən bu səfər zamanı dövlətlər arasında turizm, mədəniyyət, elm-təhsil, ticarət, investisiyalar və digər sahələrdə mühüm sənədlər imzalandı, iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Daşkənddəki görüşdə ilk dəfə olaraq Ali Dövlətlərarası Şuranın iclası keçirildi və bu iclasda 20 yeni layihə üzərində əməkdaşlıq istiqamətləri müzakirə edildi. Bununla belə, bu səfərin ən əlamətdar məqamlarından biri kimi Prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması oldu. Prezident İlham Əliyevin təbirincə desək, bu gün biz Özbəkistanla rəsmən müttəfiq olduq və bu müttəfiqlik iki ölkə arasındakı münasibətlərdə tarixi bir məqamdır. Prezidentin Özbəkistana budəfəki dövlət səfəri iki ölkə arasındakı münasibətlərə yeni məzmun və keyfiyyət gətirərək, onun müttəfiqlik səviyyəsinə qaldırılmasına və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilərək uzunmüddətli vədədə dərinləşməsini təmin etmiş oldu.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Füzulidə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisinə verdiyi töhfə və ötən il Azərbaycana etdiyi səfər zamanı həmin məktəbin açılışında iştirakı Özbəkistanın Azərbaycanla münasibətlərə verdiyi dəyərin təzahürüdür. Digər tərəfdən Prezident İlham Əliyev də Daşkənd səfərinə özü ilə bərabər Azərbaycanın biznes nümayəndələrini gətirməsi və Dövlətlərarası Şuranın iclasında təxminən 2 milyard dollarlıq investisiya portfelinin və Özbəkistanda yeni tikinti layihələrinin müzakirə olunması, Azərbaycanın dost Özbəkistanla münasibətlərə verdiyi əhəmiyyətini təcəssüm etdirir.
Əminliklə deyə bilərik ki, bu gün həm Azərbaycan, həm də Özbəkistan Cənubi Qafqaz və Orta Asiyada sabitlik və inkişafın təmin olunmasında təməl rola sahibdirlər. Bu baxımdan hazırkı dünya nizamının böyük sarsıntılar və münaqişələrlə zəngin olduğu bir zamanda Azərbaycan və Özbəkistanın sülhü, əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırması bütün dünya dövlətləri üçün örnək olmalıdır.