Xəbərlər
Çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisə
“Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni sahələr üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Azərbaycan hər zaman sülh, əməkdaşlıq çağırışlarını edir. Etibarlı tərəfdaş kimi nüfuz qazanan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu artan ölkəmiz dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün irəli sürdüyü sülh təklifi ilə diqqətdədir. Qeyd edildiyi kimi, məqsəd regionda sülhün təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması ilə ölkələr arasında etimad mühitinin daha da möhkəmləndirilməsidir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələri də ölkələri, xalqları daha da yaxınlaşdırır, etibarlı, arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd etməliyik. Bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin şahidinə çevrilib. Türk dövlətləri arasında əlaqələrin inkişafı qarşılıqlı səfərlərdə və imzalanan sənədlərdə özünün aydın ifadəsini tapır. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da genişlənir. Bunu dövlət başçılarının qarşılıqlı səfərləri də təsdiqləyir. Onların şəxsi dostluq münasibətləri ölkələrimiz arasında əməkdaşlığa müsbət təsir edir. Həmçinin əlaqələr çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. Azərbaycanın qurumun beynəlxalq nüfuzunun artırılması istiqamətində göstərdiyi səylər bütün türk dövlətləri tərəfindən təqdir edilir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub: “Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri bütün bu məqamlara bir daha işıq saldı. Belə ki, keçirilən görüşlərdə, Prezidentlərin mətbuata birgə bəyanatlarında iki dost ölkənin münasibətləri geniş təhlil edildi. Səfər çərçivəsində 15-ə yaxın sənədin imzalanması tərəflərin bu əlaqələri müxtəlif istiqamətlərdə uğurlu inkişaf etdirməkdə maraqlı olduqlarını təsdiqləyir. Mətbuata bəyanatlarında dövlət başçısı İlham Əliyevin “Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək” fikirlərinin davamı olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik.”
Malik Həsənov iki ölkənin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan sənədlərə diqqəti yönəldərək bu mühüm məqamı da xüsusi vurğulayıb ki, Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb: “Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ulu Öndər Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, sabiq Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Bugünkü mənzərəyə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bəhrəsini verir.”
Millət vəkili bildirib ki, ötən il Özbəkistan Prezidentinin ölkəmizə reallaşdırdığı səfər çərçivəsində imzalanan sənədlər arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” iki ölkənin münasibətlərinin bu günü və gələcəyi barədə aydın təsəvvür yaratmışdır: “Bunun davamı olaraq dövlətimizin başçısının bu ölkəyə səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması möhkəm təmələ söykənən əlaqələrimiz üçün geniş imkanlar yaradacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bunu belə əsaslandırdı ki, qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb. Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Bu gün tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq.”
Malik Həsənov vurğulayıb ki, bu gün dünya bu dostluğu, birliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də aydın şəkildə müşahidə edir: “Azərbaycanın qısa müddətdə bu torpaqlarda yaratdığı yüksək şərait, həyata keçirdiyi layihələr dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev bərpa-quruculuq işlərinə başlayan zaman bütün dost ölkələrin bu prosesdə iştirakı ilə bağlı istəyini ifadə etdi. Ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etmələri, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşmələri türk dünyasının birliyinə işıq salan mühüm məqamlardan oldu. Azərbaycan və Özbəkistan Prezidentləri bu mühüm addımı dostluğumuzun, qardaşlığımızın nümunəsi kimi təqdim etdilər. Cənab İlham Əliyev belə bir inamı ifadə etdi ki, məktəb təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Dövlətimizin başçısının bu günlərdə dost ölkəyə səfəri zamanı Özbəkistan Prezidenti bir daha belə bir çağırışı etdi ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. Bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, səfər Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf tarixində yeni səhifənin başlanğıcı oldu. İki dost ölkə rəsmi müttəfiq olaraq qarşıdakı dövrdə görüləcək işlərin yol xəritəsini təqdim etdilər. Cənab İlham Əliyev bildirdi ki, qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik.