YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir

“Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar tamamilə qərəzlidir. Heç bir reallığa əsaslanmır”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, bu qətnamə Azərbaycanda antimilli qüvvələrin, milli satqınlar tərəfindən hazırlanmış bir layihədir: “Bu, Avropada erməni lobbisinə xidmət edən, ermənilər tərəfindən maliyyələşən və Azərbaycanda maraqları olan siyasi qruplar tərəfindən ortaya atılan bir məsələdir. Birincisi, müzakirənin müddətinə nəzər salsaq görərik ki, son bir neçə ildə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda, elə Ermənistanın özündə insanların güllələnməsi, öldürülməsi, istər sərbəst toplaşmaq azadlığının pozulması, vətəndaşlara, insanlara işgəncələrin verilməsi və digər bu kimi hallarla bağlı onlarla faktlar saya bilərik ki, Avropa Parlamentində bununla bağlı nə bir təşəbbüs göstərilib, nə də bir məsələ qaldırılıb. Amma Azərbaycanda olmayan məsələlər qərəzli şəkildə Azərbaycanın adına təqdim olunur”.

S.Novruzov qeyd edib ki, bu qətnamənin hər bir bəndinə, hər bir sətrinə baxanda burada nə qədər qərəzin olduğu aydın görünür: “Birinci növbədə xaricdən alınan qrantların qanunvericiliklə təsdiq olunmasına etiraz olunur. Bütün Avropa ölkələrində bu müddəa belədir və biz də Avropa ölkələrinə, Avropa Parlamentinə daxil olan ölkələrin qanunvericiliyinə uyğun olaraq qrantların şəffaf olması üçün bu müddəanı daxil etmişik. Təəssüflər olsun ki, qrant verən təşkilatlar da, alanlar da qrantı mənimsəyir, vəsaiti təyinatına uyğun deyil, Azərbaycanda iğtişaşlar törətmək, ölkədə ictimai-siyasi sabitliyi pozmaq və bəzi siyasi partiyaların maliyyələşməsinə yönəldir. Bu bəlli olub və qanunvericiliklə qadağa qoyulub. Bu hal ortaya çıxandan sonra isə həmin təşkilatlar və onların buradakı yerli əlaltıları ifşa olundu”.

S.Novruzov bildirib ki, Avropa Parlamenti bir futbolçi ilə bir reportyor arasında məişət zəminində baş verən hadisənin nəticəsində baş verən qətli siyasiləşdirməyə çalışır: “Bu məsələ ilə bağlı Azərbaycan dövləti bütün lazımi addımları atdı. Azərbaycan xalqı şahid oldu ki, Prezident İlham Əliyev bilavasitə məsələni öz nəzarətinə götürdü, qətli törədənlər məsuliyyətə cəlb olundu və layiqli cəzalarını alacaqlar. Bu hadisəni Azərbaycan iqtidarının adına yazmaq nə qədər cılız, yalan və böhtan xarakterli bir hərəkətdir”.

S.Novruzov bildirib ki, bu gün Ərəb ölkələrini dağıdan, orada hər gün qan tökülməsinə səbəb olan Avropa dövlətləri vətənlərini atıb didərgin düşən miqrantlarla eramızdan əvvəl olduğu kimi qul kimi davranırlar: “Dini, iqri ayrıseçkilik ilə miqrant qəbul edirlər. Budur bunların iç üzü və hesab edirəm ki, belə qurumlarla əməkdaşlıq etməyə dəyməz və bu məsələyə Azərbaycan tərəfindən baxılmalıdır”.