YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçın cənnətin özüdür

“26 avqust Laçın Şəhər günü kimi qeyd olunur. Bu bayramı laçınlılar məhz doğma yurdlarında böyük coşğu ilə qeyd edirlər. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr birgə Bəyanatına əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu qan tökülmədən azad edildi”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi oldu. 44 günlük müharibədə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. Qeyd etdiyimiz kimi, 2020-ci ilin 1 dekabrında Laçın rayonu qan tökülmədən qaytarıldı, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Ötən il aprelin 23-də daha bir mühüm hadisə - Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə dövlətimizin ərazi bütövlüyü təmin olundu. Millət vəkilinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıdır. Prezident İlham Əliyev azad olunmuş Laçın rayonuna dəfələrlə səfər edib. Ötən il mayın 28-də isə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib. “1 Dekabr” küçəsi Laçın rayonunun diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən belə adlandırılıb. Həmin səfər zamanı Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə ilk köçən sakinlərə evlərin açarlarını təqdim edib. Prezident İlham Əliyev ötən ilin 25-26 avqust tarixlərində də Laçına səfəri zamanı bir sıra təməllər atıb və açılışlar edib, “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində çıxış edib, eləcə də Zabux kəndinin sakinləri ilə görüşüb. Əgər ötən ilin may ayında Laçın şəhərinə 20 ailə köçmüşdüsə, bu günədək 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Dövlət Proqramına əsasən indiyədək Zabux kəndində isə 217 ailə, 823 nəfər daimi məskunlaşıb. Sus kəndində isə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin, yəni 75 nəfərin köçürülməsi təmin olunub. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bütün infrastruktur və yaşayış məntəqələri ən müasir səviyyədə qurulur. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. “Bir sözlə, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub və bu layihələr mərhələlərlə həyata keçirilir. Bütün bunlar onu göstərir ki, füsunkar gözəlliyə sahib Laçın rayonu qısa müddətdə bərpa edilərək dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Çünki Laçın cənnətin özüdür”,-deyə Fatma Yıldırım vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv