Xəbərlər
Xalqımızın qüruru
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin dövlətimizin nəzarətinə keçməsindən iki il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.
Qeyd edək ki, 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub. Belə əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.
2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçının işğaldan azad edilməsini Azərbaycanın hərbi və diplomatik qələbəsidir.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın hazırda özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Prezident İlham Əliyev ötən il mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Bəli, Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.
Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə ilk köçən sakinlərə evlərin açarlarını təqdim edib. Prezident İlham Əliyev ötən ilin 25-26 avqust tarixlərində də Laçına səfəri zamanı bir sıra təməllər atıb və açılışlar edib, “Laçın Şəhəri Günü” münasibətilə keçirilən bayram tədbirində çıxış edib, eləcə də Zabux kəndinin sakinləri ilə görüşüb. Əgər ötən ilin may ayında Laçın şəhərinə 20 ailə köçmüşdüsə, bu günədək 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib. Dövlət Proqramına əsasən indiyədək Zabux kəndində isə 217 ailə, 823 nəfər daimi məskunlaşıb. Sus kəndində isə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin, yəni 75 nəfərin köçürülməsi təmin olunub. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Bütün infrastruktur və yaşayış məntəqələri ən müasir səviyyədə qurulur.
Bu gün Laçın şəhərində genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidilr.