YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bölgənin beynəlxalq status və əhəmiyyətini artıran layihələr

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri bizim nəzarətimizə keçdi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının Ermənistan tərəfindən işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdu. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb.Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.

Nəhayət ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyuldu və Azərbaycan xalqı özü ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq qanunların aliliyini və tarixi ədaləti də bərpa etdi. Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçın rayonunda da böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Laçın rayonu inkişafının yeni mərhələsini yaşayır. Laçın şəhərinin Baş planı hazırlanıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Regionun strateji əhəmiyyətini artıran ən mühüm amillərdən biri isə Laçında beynəlxalq hava limanının inşasına başlanmasıdır. Bu hava limanının inşası bölgənin beynəlxalq statusunu artırmaqla yanaşı, mülki aviasiya, yükdaşıma və hərbi baxımdan da böyük əhəmiyyətə malikdir. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına kömək edəcəkdir. Mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək və o, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaqdır.

Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

DİGƏR Xəbərlər Arxiv