Xəbərlər
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Parisdə “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi uğurla başa çatıb
Dünya şöhrətli fotoqraf Reza Deqatinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi uğurla başa çatıb.
Fotosərginin mahiyyəti bizim üçün sadə olsa da, Qərb auditoriyası üçün son dərəcə heyrətamiz bir fakta əsaslanır: Azərbaycan bütün dinlərin və millətlərin birgəyaşayış məkanı kimi əsl fenomendir.
Sentyabrın 3-də açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da iştirak etdiyi sərgi son vaxtlar radikalizm və ekstremizm meyillərinin şaxələndiyi dünyada və xüsusilə də Avropada multikulturalizm ənənələrinin dərin kök saldığı ölkəni - Azərbaycan amilini yenidən gündəmə gətirdi. Fransanın ictimai-siyasi dairələrinin nümayəndələri Azərbaycanın tolerantlıq ünvanı olması faktını qəbul edərək bunun siyasi, etnik çaxnaşmaların baş alıb getdiyi dünyada əsl model olduğunu təsdiqlədilər. Elə sentyabrın 8-də Parisdə keçirilən “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusundakı konfransda səslənən fikirlər də bunu təsdiqlədi. Fransada fəaliyyət göstərən, dünyada böyük nüfuza malik olan dini və ictimai təşkilatların təmsilçiləri ölkəmizdəki tolerantlıq mühitinin nümunəvi xarakter daşıması məsələsində həmfikir oldular. Bu məsələ Fransa mətbuatının da diqqət mərkəzində oldu.
Reza Deqatinin dünya layihəsi olan “Bəşəriyyətin xəyalları”nın media təqdimatında görkəmli fotoqraf yenə də tolerantlıq mövzusuna toxundu. O, bu layihədə xalqımızın üzləşdiyi qaçqın və məcburi köçkün probleminə geniş yer verib, dözümsüzlüyün hansı problemlərə yol açdığını göstərib. Bir milyon insanın ağır şəraitdə diskriminasiyaya məruz qaldığını fotoların dili ilə dünyaya bəyan edib.
Reza Deqati müsahibəsində deyib: “Fikrimcə, bu gün Azərbaycanın tolerantlıq modelini bütün dünyaya göstərmək çox vacibdir.
Mən dünyada müxtəlif dinlər arasında toqquşmaların getdiyi bir zamanda Azərbaycandakı tolerantlığı, fərqli dinlərə mənsub insanların bir arada mehriban və sülh şəraitində yaşadığını Fransada və dünyanın başqa yerlərində nümayiş etdirmək istəyirəm. Mənim tolerantlıqla bağlı əsərlərimdən ibarət sərgi ABŞ-da, Belçikada da nümayiş olunub. İmkan olsa, bu sərgini dünyanın hər yerində göstərəcəyəm.
Heydər Əliyev Fondunun Azərbaycanda və digər ölkələrdə gördüyü işləri həmişə izləyirəm. Fond mədəniyyətin inkişafına, tolerantlığın təbliğinə, mədəni irsin qorunmasına böyük töhfələr verir və uşaqlara kömək edir. Bu, indiki qarışıq dünyamızda çox önəmli məsələdir”.
Ölkəmizə ilk dəfə 1987-ci ildə gələn və indiyə qədər Azərbaycanla bağlı bir neçə layihənin müəllifi olan Reza Deqati son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdə bir neçə iri layihə reallaşdırıb. “Talelərin qovuşması”, “Müharibə və sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələrlə Reza Qərbdə Azərbaycanın simasını yaratmağa çalışıb. Bu missiyanın uğurlu alındığını isə fransız sənətsevərlərin sözləri də təsdiqləyir.
Kloe Şabo: Neçə gündür bu sərgini izləyirəm, məndə böyük təəssürat doğurub. Sevinirəm ki, hələ də dünyada bütün millətlərin birgə yaşadığı məkan var. Siz bir xalq kimi tolerantlıq ənənəsinə nail olmusunuz. Bu, böyük məsələdir.
Jelyan Mikü: Bu fotolarla Azərbaycanı tanımağa çalışıram və bu da məndə sizin ölkənizə maraq oyadır.
Sofi Şabrie: Bu fotolar məni doğrudan da özünə cəlb etdi, inanılmazdır. Təəccüblənirəm ki, indiki narahat dünyada sizin ölkəniz kimi tolerant məkan var.
Teo Koküğa: Ekspozisiyadakı fotolar Azərbaycandakı birgəyaşayışın mümkünlüyünün təsdiqidir. Rezanın fotoları həm də aktuallığı ilə seçilir, insanları humanist olmağa, sülh şəraitində yaşamağa səsləyir. Azərbaycanlılar bu məqsədə nail olub və yaxşı təcrübə qazanıblar.
Bu fotolar izləyiciləri özünə həm də ona görə cəlb edə bilib ki, orada Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənəsi tam əhatə olunub. Sərgidəki işlər Azərbaycandakı dini icmaların bir-birinə hörmət və ehtiram şəraitində yaşamasının tərənnümünə çevrilib. Bu fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.
Hər bir cəmiyyətin gücü onun dini və mədəni müxtəlifliyindədir. Bunu əsas götürən Heydər Əliyev Fondu da ölkəmizin tolerantlıq təcrübəsini təbliğ etmək baxımından Parisdə həm sərgi, həm də konfrans keçirməklə fəaliyyətində yeni istiqamət açdı. Bu istiqamətin əsas mahiyyəti isə çox sadə formula əsaslanır: birgə yaşama mümkündür və tolerantlıq mühitinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır.