YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Milli Məclisdə olublar

Sentyabrın 11-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavanşir Feyziyev Milli Məclisin fəaliyyəti, xarici əlaqələri barədə məlumat verib. Bildirilib ki, dostluq qrupları sıx əməkdaşlıq edir, qarşılıqlı səfərlər həyata keçirirlər.

Qeyd edilib ki, Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədədir. Fransanın çoxsaylı şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Azərbaycan reallıqlarının Fransada tanıdılmasında, əlaqələrimizin inkişafında Heydər Əliyev Fondu mühüm rol oynayır.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Andre Rişard görüşdə çıxış edərək bildirib ki, Azərbaycanın Fransada tanıdılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bunların sırasında Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Bu mühüm tədbirlərə görə Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

“Azərbaycan tolerant ölkədir”, - deyən dostluq qrupunun rəhbəri ölkəmizdə şahidi olduqları inkişaf proseslərindən, əlaqələrimizin inkişafından məmnunluğunu bildirib. O, dostluq qrupunun müxtəlif sahələrdə əlaqələrin inkişafı istiqamətində səylərini daha da artıracağını deyib. Qonaq ölkələrimiz arasında iqtisadiyyat, turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.