Xəbərlər
Tərəqqinin ən yüksək zirvəsində!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Rüstəmovun Nizami rayon seçiciləri ilə növbəti görüşü keçirilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Azərbaycanın bugünkü inkişafının təməlində dayanan Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə, islahatların davamlı olmasına, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Ramil Rüstəmov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib: “Hər bir seçki demokratiyanın vacib elementlərindən biridir. Hər bir vətəndaş üçün səsvermə hüququ mühüm amildir. Çünki parlament məhz insanların səsi sayəsində formalaşır. Ona görə də, hər bir vətəndaş seçki hüquqdan istifadə etməlidir. Mən seçiciləri sentyabrın 1-da seçki məntəqələrinə gəlib layiq bildikləri namizədə səs verməyə çağırıram.
Görüşdə, həmçinin YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvləri Məhi Mehtiyev, Ədhəm Məmmədov, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, Mayıl Əliyev, Yəhya Ağayev və digərləri çıxış ediblər. Onlar seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə fəal iştirak etməyə dəvət edib.
Çıxış edən seçicilər də öz növbəsində parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə ifadə ediblər.