Xəbərlər
Gəncəlilər “Yeni dövrə Yeni Azərbaycanla!”deyir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq seçkilərin önəmindən bəhs edib, qazanılan uğurlar və qarşıda duran hədəfləri diqqətə çatdırıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Musa Quliyev YAP-ın Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi, regionda və onun hüdudlarından kənarda böyük nüfuza malik siyasi təşkilat olduğunu deyib. O, vurğulayıb ki, ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində sosial-iqtisadi infrastruktur quruculuğunda, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında vacib uğurlara imza atılıb.
Görüşdə təşviqat qrupunun üzvü Hüseyn Budaqov çıxış edərək uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyib.
Seçicilər yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, görüşdən sonra deputatlığa namizəd Musa Quliyev Gəncə şəhərində seçicilərlə məhəlli görüşlər keçirib.