Xəbərlər
Seçicilərlə görüşlər ruh yüksəkliyi ilə davam edir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Mehdiabad qəsəbəsində Vətən müharibəsi şəhidi Babək Allahverdiyevin ailəsi ilə görüşü keçirilib.
Görüşdə şəhid Qadir Heydərovun, şəhid Ramid Hacıyevin, şəhid Nicat Atayevin, şəhid Vüqar Eyvazovun ailə üzvləri və Vətən müharibəsi veteranları Allahverdi Aslanov, Ziyadxan Sultanov, Nicat Əlizadə və seçicilər Qurban Həsənovla Kamil Qasımov iştirak ediblər.
Çıxış edən deputatlığa namizəd Ramid Namazov şəhidlərin valideynlərinə belə qəhrəman və cəsur övladlar böyütdüklərinə görə minnətdarlığını bildirib. Görüşdə şəhidlərin qəhrəmanlığından və döyüş şücaətindən, yer aldıqları uğurlu hərbi əməliyyatlardan söhbət açılıb.
R.Namazov bildirib ki, cəbhədə tarix yazan mərd oğullarımızın fədakarlığı, rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycan dövlətinin ərazi bütövlüyü bərqərar olunub. Vurğulayıb ki, onların əbədi xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Sonda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər və öz növbəsində Ramid Namazova səs verəcəklərini bildiriblər.