Xəbərlər
Güclü iqtisadiyyata, dinamik inkişafa səs verək!
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov Pirallahı rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şəraitin təmin edilməsi barədə məlumat verdikdən sonra qeyd edib ki, Prezident İlham Əliyev xalqımızın həyatında böyük dəyişikliklər yaradan tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirib, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti yaradıb.
Sonra çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın böyük bir salnaməsini yaradıb: “Azərbaycan güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında böyük nüfuza malikdir. Dövlət siyasətinin müasir modelini yaradan Prezident İlham Əliyevin yüksək idarəçilik məharəti, qətiyyəti və milli maraqlara əsaslanan daxili və xarici siyasəti nəticəsində bütün sferalarda əldə olunan nailiyyətlərin kökündə müdrik siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyi dayanıb”.
Görüşdən sonra deputatlığa namizəd Rövşən Muradov Pirallahı rayonunun müxtəlif ərazilərində yaşayan laçınlı seçicilərlə fərdi görüşlər də keçirib.