Xəbərlər
Ancaq irəli!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonu, Nizami kənd mədəniyyət evinin qarşısındakı meydanda Nizami, Rüstəmli, Nəsimi, Çol Dəllək, Hacıbəbir, Qardaşkənd kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edib. Bildirib ki, bütün bunlar ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatıdır, uğurlarımızın davamlılığı üçün geniş imkanlar yaranır. Vurğulayıb ki, yeni hədəflərə çatmaq üçün qarşıdan gələn parlament seçkilərində YAP-ın qələbəsi labüddür.
Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov bildirib ki, artıq aforizmə çevrilən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlər üçün aktuallığını qorumaqla yanaşı, daim partiyanın fəaliyyətinə bələdçilik edir: “YAP yarandığı gündən ümumxalq partiyasına çevrilərək milyonların sevgisini qazanıb. Sözlə əməl birliyi partiyamızın cəmiyyətin avanqard qüvvəsinə çevrilməsində əsas amildir. Bütün seçiciləri qarşıdan gələn parlament seçkilərində YAP-ın namizədlərini dəstəkləməyə çağırıram”.
Tədbirdə, həmçinin seçicilər Raziyyə Qurbanova, Şahlar Cəbrayılov, Ramil İbadov, Əziz Dadaşov və digərləri çıxış ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıdıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamal Cəfərov rayonun Minbaşı kənd Mədəniyyət evində Minbaşı, Qarağac, Yaxadəllək, Beşdəli kəndlərindən olan seçicilərlə də görüş keçirib.