Xəbərlər
Ugurlu gələcək naminə!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səliqə İsmayılovanın Ucar rayon Xələc kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ucar rayon təşkilatının sədr müavini Nuru Piriyev çıxış edərək Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyulmuş hədəflər ardıcıl olaraq reallaşdırılır. Daha sonra Nuru Piriyev deputatlığa namizəd Səliqə İsmayılova haqqında seçicilərə məlumat verib.
Namizəd Səliqə İsmayılova bildirib ki, hazırda Azərbaycan Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün, praqmatik siyasəti nəticəsində ölkəmiz regionda söz sahibinə, o cümlədən dünyada sülhün, inkişafın təminatçısına çevrilib. Bildirilib ki, məhz bu uğurların nəticəsidir ki, növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.
Görüşdə çıxış edən seçicilər 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək Azərbaycanın işıqlı sabahı naminə YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.