Xəbərlər
Mühüm nəticələr əldə edilib
Çağdaş dünyada müasir dövrün çağırışlarına cavab verən, habelə möhtəşəm Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa edən, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda bütün sahələr kimi idman da uğurla inkişaf edir. Bu gün bölgənin aparıcı dövlətinə çevrilərək güc mərkəzlərindən biri olan Azərbaycan idman ölkəsi kimi də tanınır. Ölkə rəhbərliyi tərəfindən idmançılara, o cümlədən veteran idmançılara yüksək diqqət və qayğı göstərilir. Qeyd edək ki, dövlətimizin diqqət və qayğısı bu sahənin inkişafını təmin etməklə yanaşı, idman sahəsində çoxsaylı nailiyyətlərin əldə edilməsinə də təkan verib. Əldə olunan nəticələr də onu deməyə əsas verir ki, idman sahəsində inkişaf olduqca uğurlu gedir. Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq yarışlarda, qeyri-olimpiya və olimpiya növlərində mühüm nəticələr əldə edirlər.
XXXIII Paris Yay Olimpiya Oyunları bunun bir daha təsdiqi oldu. Belə ki, Azərbaycan bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsi arasında yer aldı. İdmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edib, onların Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmələrini və Azərbaycan Bayrağını ucaldaraq bütün xalqımızı sevindirmələrini vurğulayıb: “Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi.”
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra idmançılarımız Olimpiya Oyunlarına daha da yaxınlaşdı, onlar Olimpiyanın fəal və davamlı iştirakçısına çevrildi. 1992-ci ildə Azərbaycanda Milli Olimpiya Komitəsinin yaradılması ilə milli idmanın dinamik inkişafı daha çox nəzərə çarpdı. Təsisat 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edildi. Bundan sonra idmançılarımız Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələr qazandılar. Respublikamızın idman sahəsində əldə etdiyi uğurlar aparılan məqsədyönlü siyasətin, düşünülən proqramın inamla reallaşdırılmasının məntiqi nəticəsidir. Bu gün idmançılarımız Azərbaycanın idman şöhrətini artırırlar.
Beləliklə, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan idmanının inkişafı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, regionlarda idman infrastrukturlarının sayı gündən-günə artır. Bu isə ölkəmizin idman sahəsində nailiyyətlər əldə etməsi ilə yanaşı, sağlam gəncliyin yetişməsində də mühüm rol oynayır.