Xəbərlər
Uğurlu addımlar yeni qələbələrə yol açır
2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin avqustun 15-də Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən Diyarşünaslıq evində Qazıqumlaq və Məlikballı kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Azərbaycan mühüm bir siyasi hadisə ərəfəsindədir. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin siyasi həyatında xüsusi önəm kəsb edir.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən, əvvəlcə YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə həyata keçirilən təbliğat kampanıyası və seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, parlament seçkiləri ilk dəfədir suveren Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu bizim üçün şərəf və qürurdur, bu qüruru bizə yaşadan Ali Baş Komandanımız və qəhrəman şəhidlərimiz, hərbçilərimizdir. Deputatlığa namizəd deyib ki, hər bir seçicinin mövqeyi YAP və dövlət üçün çox önəmlidir.
Tədbirdə təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Rəna Cəfərova və şəhid atası Əli Vəliyev çıxış ediblər. Onlar vurğulayıblar ki, Ucar rayonunun sakinləri inkişaf və quruculuq siyasətini öz həyatlarında hiss edirlər. Buna görə də, uğurların davamlı olması üçün seçiciləri Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Ramil Həsən rayonun Qazıqumlaq kəndində Vətən müharibəsi şəhidi Namiq Qarakişi oğlu Qarayevin, Birinci Qarabağ müharibəsi şəhidləri –Şöhrət Muğdət oğlu Qasımovun, Süleyman Murad oğlu Abdullayevin, Elşən Muxtar oğlu Mahmudovun, Elbrus Taryel oğlu Səmədovun, Bəxtiyar İsmayıl oğlu Hacıyevin, Məlikballı kəndində isə Cəsarət Sırac oğlu Məmmədov və Nəsimi Rüstəm oğlu Rüstəmovun ailələrini ziyarət edib.