Xəbərlər
Sonsuz inam
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mübariz Qurbanlının Şəmkir rayonunun Qılıncbəyli, Ağlavaşlı və Qaralar kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının zəngin inkişaf yolu keçərək bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını vurğulayıblar. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın hər bir uğurunda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda cənab İlham Əliyevin Sədrliyi ilə inkişaf edən Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. Buna görə də YAP-ın parlament seçkilərində qələbəsi labüddür”.
Deputatlığa namizəd Mübariz Qurbanlı qeyd edib ki, YAP-ın seçki platformasında müxtəlif sahələrin inkişafına dair hədəflər öz əksini tapıb. O, bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın qüdrətinin daha da artmasına hədəflənib, hazırda ölkəmizin inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edən işlər ardıcıl olaraq həyata keçirilir.
Görüş iştirakçılarından Elmir Musayev, Ruhiyyə Zeynalova və digərləri çıxış edərək deyiblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsi kimi yüksək nüfuz qazanıb. Onlar uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.