Xəbərlər
“Səsimiz zəfərlər partiyasının namizədinədir”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun Salyan rayonunun Xələc və Abad kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov bildirib ki, Prezident İlham Əliyev XXI əsrin Lideri olaraq Azərbaycanı inamla irəli aparır: “Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyələnir. Bu nailiyyətlər iştirak etdiyi bütün seçkilərdə Yeni Azərbaycan Partiyasına uğurlar qazandırıb”.
Tədbirdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verib. O, qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtləndirib. Bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ardıcıl nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib.
Tədbirdə, həmçinin şəhid ataları Rövşən Mehdiyev, Şəfi Cəfərov, Şamil Bayramov, görüş iştirakçılarından Məmməd Əmrəliyev, Ağamalı Ağamalıyev və digərləri çıxış edərək YAP-ın ölkəmizə mühüm nailiyyətlər qazandırdığını bildirib, seçiciləri ən layiqli namizədə səs verməyə çağırıblar. Qeyd ediblər ki, “Səsimiz zəfərlər partiyasının namizədinədir”.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Sadiq Qurbanov rayonun Xələc və Abad kəndlərində seçicilərin evlərində olub.