Xəbərlər
Qazanılan uğurlar böyük stimuldur
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonu, Qaratəpə kənd Mədəniyyət evində Qaratəpə, Nərimankənd və Əhmədabad kəndlərindən olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bütün sahələrdə böyük nailiyyətlər qazanmasını şərtləndirib: “Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə inkişafın yeni modeli tətbiq edilir. Ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Məhz bu səbəbdən Sabirabad seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır”.
Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, hakimiyyət bölgüsü və demokratik təsisatların yaranması prosesi uğurla davam etdirilir. Qeyd edib ki, ardıcıl şəkildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir, azad iqtisadi sistem qurulub, bunun sayəsində ölkə sənayesinə xarici investisiya qoyuluşu xeyli artıb, infrastruktur dəyişikliklərin miqyası nəzərəçarpacaq dərəcədə genişlənib.
Tədbirdə, həmçinin görüş iştirakçılarından Həbibə Məmmədova, Xalid İsgəndərov, Vüsalə Şükürova, Hikmət Şahəliyev və digərləri çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycan tarixində keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının uğurlar əldə etdiyini, qarşıdan gələn parlament seçkilərində də qələbə əldə olunacağına əminlik ifadə olunub.
Öz növbəsində seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamal Cəfərov rayonun Şəhriyar kənd Mədəniyyət evinin qarşısında Şəhriyar, Axtaçı, Xəlfəli kəndlərindən olan seçicilərlə də görüş keçirib.