Xəbərlər
Xalqın seçimi bəllidir
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 57 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Xaçmaz rayonunda fəaliyyət göstərən Biznes Mərkəzində şəhid ailələri, qazilər və gənclərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrün Azərbaycanın şanlı tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olduğunu vurğulayıb. Qeyd olunub ki, cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən etibarən həyatımızın müxtəlif sahələrində əsaslı uğurlara nail olunub: “Məhz bu amillər imkan verir deyim ki, bu seçkilərdə xalqın seçimi yenə də YAP-ın namizədləri olacaqdır”.
Çıxış edən deputatlığa namizəd Ağalar Vəliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ərazi bütövlüyümüzün bərpası, qalib xalqa çevrilməyimiz Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsidir. Buna görə də YAP-ın 1 sentyabrda keçiriləcək parlament seçkilərində qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Görüş iştirakçılarından Emil Tağıyev, Rübabə İsmayılova, Valeh Həsənov, İbrahim Həsənov, Abasyar Heydərov, Vüsal İskəndərov, Aysel İbrahimova, şəhid anaları Nərgiz Veyisova, Bibixanım Mirzəmmədova və digərləri çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər isə inamla ifadə ediblər ki, bu illər ərzində qazanılan zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin Liderliyi ilə Azərbaycan yeni-yeni zirvələr fəth edəcək.
Həmin gün deputatlığa namizəd məhəlli görüşlər də keçirib.