Xəbərlər
Azərbaycan sabitlik və təhlükəsizlik adasıdır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 14-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Vəliyevanın Xətai rayonunda yerləşən Afiyəddin Cəlilov küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov Yeni Azərbaycan Partiyasının namizədini seçicilərə təqdim edərək onun barəsində məlumat verib. Bildirib ki, islahatların daha da dərinləşməsi və sürətlənməsi qanunvericilik sahəsini də əhatə edir.
Çıxış edən deputatlığa namizəd Pərvanə Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin güclü siyasi iradəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, üçrəngli dövlət bayrağımız bütün ərazilərimizdə ucaldılıb: “Hazırda ölkəmiz regionda iqtisadi inkişafına görə lider ölkə olmaqla yanaşı, sabitlik və təhlükəsizlik adası olaraq tanınır. Ölkəmizdə dövlətin və cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi prioritet olan hədəflərdəndir”.
Daha sonra deputatlığa namizəd Pərvanə Vəliyeva seçiciləri dinləyib, onların suallarını cavablandırıb.
Seçicilər də öz növbəsində P.Vəliyevaya dəstəyini ifadə edib, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Pərvanə Vəliyeva şəhid Rüfət Əsgərovun ailəsini də ziyarət edib.