Xəbərlər
Azərbaycan və Qazaxıstan etibarlı dostlar və müttəfiqlərdir
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Avqustun 8-də dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkəyə səfəri və Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı hazırda ölkə mətbuatında geniş müzakirə edilir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu ev sahibliyi etdiyi, yaxud fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması əsasdır.
Türkdilli dövlətlərin birliyinin dünyaya təqdimatında öz sözünü deyən Azərbaycan Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımları ilə diqqətdədir. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında bir daha bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
İki qardaş, müttəfiq ölkə- Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafında əhəmiyyətli rol oynayan addımlar davamlılığı ilə diqqət çəkir. Qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biri əvvəldə də qeyd etdiyimiz kimi beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksələn xətlə inkişafıdır. Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.
İkitərəfli gündəliyə gəldikdə görülən və görüləcək işlər çoxdur. Tərəflər əlaqələrin yüksələn xətlə inkişafını təmin etmək üçün bütün sahələrdə mövcud imkanlardan istifadə edirlər. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Nəqliyyat-tranzit imkanları da genişdir. Cənab İlham Əliyev tədbirdə bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. Bizim ikitərəfli əməkdaşlığımız həm TransXəzər nəqliyyat marşrutu, həm də Orta Dəhliz layihələrinin həyata keçirilməsi çərçivəsində çoxtərəfli əməkdaşlığımızın bir hissəsidir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə nə qədər çox yük daşınarsa, əməkdaşlığımız o qədər inkişaf edəcək, Qazaxıstanla Azərbaycan beynəlxalq nəqliyyat daşımalarında daha böyük rol oynayacaqlar. Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılan mühüm məqamlar davamlılığı ilə diqqətdədir. Qazaxıstan və Azərbaycan təbii strateji müttəfiq və əməkdaşlığın bütün sahələrində, əlbəttə ki, nəqliyyat-logistika üzrə tərəfdaşdırlar.
Qeyd etdiyimiz kimi, Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. İki ölkə arasında digər sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
İki ölkə arasında münasibətlərin təhlili fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan və Qazaxıstan etibarlı dostlar və müttəfiqlərdir.