YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər ən layiqli namizədə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Məmmədovun Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində, Gəncə şəhərində məskunlaşmış Xankəndidən olan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev qarşıdan gələn parlament seçkilərinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, bu seçkilərdə də ən layiqli namizədlərini irəli sürüb.

Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əzəmətli nailiyyətlər qazanıb. Qeyd olunub ki, Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.

Tədbirdə iştirak edən Nəcəf Həsənov, Çiçək Quliyeva, Vüsalə Əliyeva, Elza Həsənova, Elmidar Quliyev, Vaqif Məmmədov, Rafiq Quliyev, Salman Rüstəmov, Nəsibə Bəxtiyarova və Nurəddin Salahov çıxış ediblər. Onlar 1 sentyabr seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.