YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı artır. Azərbaycanın isə gələcək üçün xarici siyasətində prioriteti məlumdur – Türk dünyası ilə münasibətlərin daha da inkişafı, bütün digər ölkələrlə bərabər və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması.

Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan Türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Avqustun 9-da dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı da deyilənlərə bariz nümunədir. Cənab İlham Əliyev tədbirdəki çıxışında bildirdi ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Bu səfər son iki ildə dövlət başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 16-cı səfəridir. Bu müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Prezidentləri Azərbaycana ümumilikdə 15 dəfə səfər ediblər. Qeyd olunan rəqəmlər bir daha təsdiqləyir ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri yüksək səviyyəli qarşılıqlı səfərlərdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Bütün bu reallıqlar səfərlər çərçivəsində müzakirə olunan məsələlərdə, atılan addımlarda özünün aydın ifadəsini tapır.

Mərkəzi Asiya dövlətləri yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Cari ilin martında Qazaxıstan tərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasındakı əlaqələrin gələcək inkişafı ilə bağlı qeyd etdi ki, bu səfər tam uğurla - dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir. Çünki razılaşmalar çox ciddidir,  böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Cənab İlham Əliyev Astanada keçirilən tədbirdə   ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğuladı. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində də Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlıqda ilk addım kimi dəyərləndirildi. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

 Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur.