YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri  

Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ilə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

Dövlət başçısı İlham Əliyev bu günlərdə Qazaxıstan Prezidentinin dəvəti ilə Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə də bu reallığı xüsusi vurğuladı ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etməliyik. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir: “SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm. Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.”

Ölkəmizin fəal üzvü olduğu və işində aktiv iştirak etdiyi təsisatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir. Təbii ki, Azərbaycan beynəlxalq mövqelərini gücləndirmək üçün milli maraqlara əsaslanan fəal, çevik, bir-birini tamamlayan, komplementar xarici siyasət yürüdür, eyni zamanda, multilateralizmə, beynəlxalq əməkdaşlığa mühüm önəm verir. Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  çağırılması haqqında təşəbbüs ilk dəfə 1992-ci ildə Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Əsas məqsəd Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təsisat yaratmaq idi. Təşəbbüs Azərbaycan da daxil olmaqla, bir sıra dövlətlər tərəfindən dəstəklənib. Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq bir platforma olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırda 28 üzvü var.

Dövlətimizin başçısı İlham Əliyevin  şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək. Dövlət başçısı İlham Əliyev Astanada keçirilən tədbirdəki çıxışında əlaqələrimizin bugünkü və gələcək inkişafını təsdiqləyən mühüm məqamlara diqqəti yönəltdi. Bir daha bildirdi ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Sözügedən tədbirdə bu il Qazaxıstan Prezidentinin, ötən il isə Tacikistan Prezidenti Emoməli  Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev bildirdi ki, bu mühüm addımlar ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

DİGƏR Xəbərlər Arxiv