YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər yüksək səviyyədədir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə, Şərqdən Qərbə uzanan türk dünyası dövlətləri ilə münasibətlər xüsusi yer tutur. Tarixin müxtəlif çağlarında inkişaf edən əlaqələr bu gün də uğurla davam edir. Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin bu dövlətlər ilə əlaqələrinin dinamikasını nümayiş etdirir.

Avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşünə Azərbaycanın dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

“Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.”-deyə bildirən ölkəmizin Prezidenti vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Artıq Azərbaycan Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirir, birgə investisiya fondları yaradılıb. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əlaqələrin inkişafı 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra daha da inkişaf edib. Ölkəmizin regionda nəqliyyat-logistika imkanlarının genişlənməsi, Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirilməsi diqqətləri Azərbaycana yönəldir.

Qardaş ölkələrin beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməsi, bir-birinə siyasi dəstək verməsi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir.

“Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək.” Ölkəmizin Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər bir daha onu təsdiq edir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr böyük perspektivlər vəd edir.