YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəlilərin seçimi bəllidir

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdənin Kələntərli və Muğanlı kəndlərində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası Sədri, Prezident İlham Əliyevin  rəhbərliyi ilə xalqımız tarixin yeni səhifələrinə mühüm qələbələr, zəfərlər yazmaqdadır. O, çıxışında  cənab İlham Əliyevin   həyata keçirdiyi məqsədyünlü siyasət nəticəsində Azərbaycanın əldə etdiyi zirvələri vurğulayaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Xanlar Fətiyev YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə, əslində siyasi sistemin yaradılması demək idi. Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları, siyasətin sivil yollarla aparılması  cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün sadiqik. Qazanılan çoxsaylı qələbələr partiyamızın ümumxalq partiyası olduğunu sübut edib. Hazırda qarşımızda dayanan başlıca məqsəd yeni qələbələrə nail olmaqdır. Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimada layiq olacağını bildirib. 

Tədbirdə təbliğat qrupunun üzvləri Məhərrəm Şəfiyev, şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova və digərləri çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.

Çıxış edən seçicilər-Kələntərli kəndindən Vaqif Əliyev, Ramil Sabiqov, Birinci Qarabağ müharibəsi veteranı Səməd Muradov və Muğanlı kəndindən Elnur Hüseynov da 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd rayonun Muğanlı kənd sakini Natiq Abbasovu və şəhid Ədalət Əliyevin ailəsini ziyarət edib.