YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Asiya dövlətləri ilə dostluq və əməkdaşlığımız güclənir

Ziyafət Əsgərov

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə   mübarizə komitəsinin sədri

Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən birini də Mərkəzi Asiya dövlətləri ilə qurulan dostluq əlaqələrinin, iqtisadi, mədəni, siyasi əməkdaşlıqların inkişafı, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasının təmin edilməsi məsələləri təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 9 avqust tarixində Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak etməsi, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinin və ölkələrarası strateji əməkdaşlığın gücləndirilməsinin mühim göstəricisidir.  Bu münasibətlər təkcə dövlətlər arasında deyil, o cümlədən xalqlar arasında  da mədəni və tarixi əlaqələrə söykənir, bu da əməkdaşlığın davamlı olmasını təmin edir.

Azərbaycan Respublikasının dövlət başçısı, bu görüş çərçivəsində çıxış etmişdir. Cənab Prezident çıxışına Mərkəzi Asiya ölkələri və Azərbaycanın dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, dövlətlərarası münasibətlərə əhəmiyyətli təsirindən bəhs edərək başlamışdır. Belə ki, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının  isə Azərbaycana ümumilikdə 15 rəsmi səfəri, bu ölkələr arasındakı əlaqələrin nə dərəcədə intensiv olduğunu bir daha göstərir.  Bu səfərlər qarşılıqlı maraqların müzakirəsi və strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, regiondakı sabitliyi və inkişafı təmin etmək üçün də vacibdir.

Dövlət başçısı çıxışında Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin qardaşlıq dəstəyindən də bəhs etmişdir. 30 illik işğal dövründə 9 şəhəri və yüzlərlə yaşayış məntəqəsi məhv edilən doğma torpaqlarımızda işğaldan azad olunduğu dövrdən sonra genişmiqyaslı bərpa işləri aparılır, evlərindən didərgin düşmüş vətəndaşlarımız doğma yurdlarına qayıdır.  Bu bərpa işləri çərçivəsində dost xalqların dəstəyi əvəzolunmazdır. Belə ki, Özbəkistan Respublikasının dəstəyi ilə Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstan Respublikasının dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan Respublikasının dəstəyi ilə Ağdam rayonunda orta məktəbin təməlinin qoyulması Mərkəzi Asiya ölkələrinin Azərbaycana olan dəstəyinin bariz nümunəsidir.

Cənab Prezident çıxışında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızdan da bəhs etmişdir. Dünyada artan təhdidlər və çağırışlar Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə zərurət yaradır. Bu baxımdan, cari ilin 12 iyul tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində keçirilən "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi xüsusi əhəmiyyət daşıyır. O cümlədən, Azərbaycanın hərbi təhsil müəsisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil alması, birgə təlimlər, regiondakı müdafiə qabiliyyətlərinin və təhlükəsizliyin artırılmasını təmin edir.

Mərkəzi Asiya və Azərbaycan arasında bərpaolunan enerji sahəsində də sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan cari ilin may ayında Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" xüsusi əhəmiyyət kəsb edir.  Bu sənədin icrası yaxın gələcəkdə yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Prezident İlham Əliyev çıxışında, nəqliyyat – tranzit əməkdaşlığından da bəhs etmişdir. Nəqliyyat – tranzit sahəsindəki əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biridir. Bakı – Tbilisi – Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi və Xəzər dənizində yeni ticarət gəmilərinin sifariş edilməsi, regiondakı tranzit imkanlarının gücləndirilməsinə xidmət edərək Orta Dəhlizin praktiki önəmini daha da artırır.

Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur. Rəqəmsal əlaqələrin qurulması və məlumat mübadiləsinin asanlaşdırılması baxımından əhəmiyyətli addımlardan biri də “Rəqəmsal İpək Yolu” fiber-optik infrastruktur layihəsinin həyata keçirilməsidir. Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.

Cənab Prezident çıxışında dövlətlərimizin Beynəlxalq Təşkilatlar çərçivəsindəki əməkdaşlığından da bəhs etmişdir. Bu baxımdan 2023 – cü ilin noyabr ayında Bakıda keçirilən SPECA – nın  25 illiyinə həsr olunuş Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Dövlət başçısı çıxışını COP29 İqlim Konfransı çərçivəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqlim əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tamamlamışdır.

Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Bu konfrans, regionda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüslərin dəstəklənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Əminliklə qeyd edə bilərik ki,  vaxtaşırı təşkil olunan belə səmərəli görüşlər, həyata keçirilən  islahatlar, layihələr Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirərək, yeni başlanğıcların da təməlini qoyacaq.