Xəbərlər
Uğurlu inkişafa dəstək
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək 2024-cü il sentyabrın 1-də növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 33 saylı Xətai birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Yengibar Əliyevin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov bildirib ki, seçkilərə hazırlıq işlərinin lazımi səviyyədə qurulması prosesin uğurlu nəticələrlə başa çatmasında stimulverici amil rolunu oynayır. Hər bir mərhələdə demokratiklik, şəffaflıq təmin olunub, son nəticədə seçicilər öz seçim hüquqlarından istifadə edərək, seçimlərini sərbəst şəkildə həyata keçirməklə gələcək inkişafa dəstək olacaqlar.
Vüqar Hüseynov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib və deputatlığa namizəd Yengibar Əliyev haqqında seçicilərə məlumat verib.
Namizəd Yengibar Əliyev Azərbaycanın ən yüksək zirvələri fəth etməsindən, Yeni Azərbaycan Partiyasının bu uğurlara böyük töhfələr verməsindən geniş bəhs edib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyaya qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən ölkə kimi təqdim etdi.
Yengibar Əliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Deputat seçildiyi təqdirdə ona göstərilən etimadı fəaliyyəti ilə doğruldacağını bildirib.
Tədbirdə çıxış edən Nizami Mürsəlov, Mehriban Nağıyeva, Ayaz Məmmədov bildiriblər ki, sözlə əməl birliyi, monolitliyi Yeni Azərbaycan Partiyasına olan inamı daha da artırır. YAP hər bir seçki kampaniyasında böyük qələbə qazanır və adını tariximizə qələbələr partiyası kimi yazıb. Çıxış edənlər yeni dövrə yeni Azərbaycanla addımlamaq üçün seçiciləri parlament seçkilərində daha fəal olmağa və layiqli namizədlərə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini, Azərbaycanın uğurlu inkişafına dəstək olacaqlarını bildiriblər.