Xəbərlər
Növbəti zəfərlərə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını vurğulayaraq YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Pərvin Kərimzadə əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, seçiciləri seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıb.
Tədbirdə, həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, şəhid anası Nərminə Məmmədova və digərləri çıxış ediblər.
Çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.