Xəbərlər
Dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açır

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Dil, xalq və dövlət anlayışları bəşər tarixində önəmli yer tutduğu kimi, qloballaşma dövründə də həmin dəyərini qoruyub saxlamaqdadır. Dil bir xalqın varlığı, onun təqdimatıdır. Azərbaycan xalqının tarixin sınaqlarına sinə gərərək yaşamasında, zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Reallıq budur ki, dil olmasa xalq, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
Ulu Öndərin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, Azərbaycan dilinə diqqət və qayğının öndə dayandığını görərik. Onun imzaladığı Fərman və sərəncamlar, rəhbərliyi əsasında işlənib hazırlanan və qəbul edilən qanunlar ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmiş, dil mədəniyyətimizin qarşısında yeni üfüqlər açmışdır. “Xalqları dil qədər, milli mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa vasitə yoxdur” söyləyən Ümummilli Lider bildirirdi ki, milli-mənəvi dəyərlərimizin qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hər kəsin vətəndaşlıq borcudur.
Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olub. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr də bu istiqamətdə atdığı addımları ilə diqqətdədir. Belə ki, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eyni zamanda, qəbul olunan “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun, təsdiqlənən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və sair kimi sənədlər Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində atdığı addımların davamlılığının nümayişidir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması yönümündə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi və davamlı addımların nəticəsi olaraq “Elektron dərslik”, “Elektron kitabxana” kimi terminlərin yaranmasına yol açıldı. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığının təsdiqidir. Bu sənəddən irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.
Dilimizi sevmək hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, Azərbaycan dilinin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik.”