YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Atılmış mühüm addımlardan biri

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı  Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Dil hər bir  xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir.

İllər sonra Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Heydər Əliyev fəxarətlə deyirdi: "Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə biznes sahəsində, hər yerdə Azərbayanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır".

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam oldu. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

DİGƏR Xəbərlər Arxiv