Xəbərlər
Müstəqil strateji kurs uğurla davam etdirilir

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Azərbaycanın dinamik inkişafının davamlı olması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, o cümlədən, ərazi bütövlüyünün təmin edilməsi üçün həyata keçirilən səmərəli, müstəqil strateji kurs uğurla davam etdirilir. Azərbaycan dünya miqyasında ən dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və güc sahibi kimi sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Avropa Azərbaycanı ən etibarlı tərəfdaş hesab edir. Cənab Prezidentin mötəbər sammitlərdə, konfranslarda çıxışı, irəli sürdüyü təkliflər, bir daha göstərir ki, Prezidenti İlham Əliyev təkcə regional məsələlərdə deyil, qlobal proseslər zamanı da qətiyyətli və ədalətli mövqe nümayiş etdirir.
Bu mötəbər görüşlərdən biri məhs cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edərək Azərbaycan Respublikası ilə Avropa dövlətləri arasındakı hərtərəfli əməkdaşlığa dair məsələlərə diqqət çəkmişdi.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan artıq üç ildən çoxdur ki, mühüm qaz təchizatçısına çevrilib. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə olsa da, Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan dərhal Avropaya təchizata başlayıb.
Əlbəttə ki, bu, beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezident İlham Əliyevin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. Bu, həm də, onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir.
Göründüyü kimi, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu isə ölkəmizə böyük faydalar gətirib. Ölkəmizin artan maliyyə imkanları hesabına beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.