Xəbərlər
Şuşadan dünyaya verilən mühüm mesajlar

Anar Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı bir sıra qlobal məsələlərin həlli istiqamətində əhəmiyyət daşıyan, eləcə də regional təhlükəsizlik amillərini şərtləndirən məqamlarla yadda qaldı. Dövlətimizin başçısının bütün çıxışlarında olduğu kimi, 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı da qətiyyətli olmaqla yanaşı, həm də bir sıra dövlətlərə mesaj idi. Azərbaycanın istənilən məsələdə prinsipial mövqeyi və obyektiv yanaşması dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən müstəqil xarici siyasət kursunun təzahürü olmaqla yanaşı, həmçinin ədalətli davranışının göstəricisidir.
Dövlətimiz öz qüdrəti və siyasi iradəsi ilə dünyada yüksək nüfuza malikdir. Bu beynəlxalq siyasi imic ölkə Prezidentinin müdrik və uzaqgörən siyasi kursu ilə yanaşı, eyni zamanda dərin diplomatik təcrübəsi və şəxsi nüfuzu ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumundakı çıxışında əsas çağırışlarından biri də bu oldu ki, regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki nitqi bu baxımdan daha əlamətdardır. O, öz nitqində Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcılarının niyyət və metodları barədə bilgi verdi. 2020-ci ildə baş vermiş II Qarabağ savaşı zamanı, həmçinin, 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş anti-terror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcılarının hansı mexanizmlərdən faydalandıqları barədə aydın təsəvvür formalaşdırdı.
Prezident vurğuladı ki, ölkəmiz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olub. Erməni diasporunun səfərbər olunması, ermənipərəst siyasətçilərin, media nümayəndələrinin Azərbaycana qarşı hücum etmələri, yanlış narrativlər yaymaları ölkəmizin reallıqdan çox uzaq bir şəkildə təqdim olunması ilə nəticələnib. Bu məqamda Prezident natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatların daha çox Qərb ölkələrindən qaynaqlandığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev öz çıxışında onu da vurğuladı ki, bu gün Azərbaycanın daxil olduğu regionda – Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır. Belə mərkəzlər dezinformasiya yaymaqla hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Cənubi Qafqazda müharibədən qalib çıxmış, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qüdrətli Azərbaycanın olduğunu deyən ölkə başçısı Azərbaycanın öz ərazisini və siyasətini kənar müdaxilələrdən qorumaq gücündə olduğunu da forum iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, forumda Azərbaycan reallıqları, atdığımız bütün addımlar və etdiyimiz təşəbbüslər, eləcə də Azərbaycanda keçiriləcək COP29-un məhz həmrəylik tədbiri olması ölkəmizin növbəti uğuru oldu.