YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun III iclası keçirilib

Sentyabrın 2-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclası keçirilib. 

İclasda 18 ölkədən 40 nəfər nümayəndə iştirak edib.

İclasda İCAPP Qadınlar Qolunun həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır. Toplantının açılış mərasimində, İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk  iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm naliyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. P.İn-suk bildirib ki, İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamtində mühüm işlər görüb.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da son illər ərzində qadınların əldə etdiyi naliyyətlərdən və bugünki tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, İCAPP Qadınlar Qolu hər zaman qadınların ictimai iştirakçılığının və dövlət orqanlarında təmsilçiliyinin artırılması istiqamətində ciddi işlər görüb. Mövcud münaqişələrin insanlar qarşısında çox ciddi məhrumiyyətlər yaratdığını bildrən B. Muradova Azərbaycanın da bu cür problemlərlə üz-üzə qaldığını bildirib. B. Muradova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğuna baxmayaraq Azərbaycan inkişafdan geri qalmadı: “Hesab edirəm ki, münaqişələrlə üz-üzə qalan Asiya ölkələri də Azərbaycan nümunəsindən istifadə edə bilər. Münaqişə vəziyyətində olmasına baxmayaraq Azərbaycan sabitliyin, inkişafın, sosial rifahın təmin olunması, qadınların cəmiyyətin həyatında rolunun artırılması istiqamətində uğurlu nəticələr əldə edib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova isə çıxışında deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır. H.Hüseynova bildirib ki, xüsusilə, aparıcı siyasi partiyaların, onların müxtəlif qollarının Azərbaycanda keçirdiyi  toplantılar bu tərəfdaşlığın  bariz nümunəsidir. Onun sözlərinə görə, 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan VII Baş Assambleyası keçirilib.

«Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında Yeni Azərbaycan Partiyasının  ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının  Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. Müasir inteqrasiya eləcə də, davamlı inkişaf  prosesində qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması qarşıda dayanan aktual məsələlərdəndir. Bu baxımdan,     sayca III toplantıdan gözləntilərimiz böyükdür. Qeyd etmək lazımdır ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Qadın Təşkilatı qadınların hüquqlarının müdafiəsi istiqamətində çox mühüm layihələr həyata keçirir, onların iqtisadi və sosial həyatda iştirakının təmin olunmasında, bərabər hüquqların əldə edilməsində xüsusi rol oynayır»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

Tədbirin açılış mərasimində həmçinin, Sudan Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia çıxış edərək İCAPP-ın Qadınlar Qolunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıblar.

İclasda İCAPP Qadınlar Qolunun Büro üzvləri seçilib. Türkiyənin Ədalət və İnkişaf Partiyasının Qadın Qolunun sədr müavini Məryəm Göka və Nepal parlamentinin üzvü Sucata Koirala təşkilatın həmsədrləri seçiliblər. İCAPP-ın baş katibi, təşkilatın Daimi Komitəsinin həmsədri  Çunq Eu-Yonq yeni seçilən heyətə uğurlar arzulayıb.

İclasda daha sonra Nepal parlamentinin üzvü Sucata Koiralanın moderatorluğu ilə  Qadınlar arasında yoxsulluğun aradan qaldırılması üzrə I plenar sessiya keçirilib. Sessiyada çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva bildirib ki, hər bir cəmiyyət yoxsulluğa qarşı mübarizənin aparılmasını başlıca vəzifələrdən biri hesab edir. Onun sözlərinə görə, hazırda dünyada yoxsulluqdan əziyyət çəkən ölkələr və xalqlar var. Onların problemlərinin həlli üçün isə dünya birliyi səylərini birləşdirməlidir. S.Fətəliyeva qeyd edib ki, bu problem qadınlardan da yan keçmir.

Azərbaycanda yoxsulluğa qarşı mübarizə haqqında tədbir iştirakçılarına məlumat verən millət vəkili bu sahədə müvafiq dövlət proqramlarının həyata keçirildiyini qeyd edib. Bütün bunların nəticəsində də ölkəmizdə yoxsulluq 5 faiz həcminə düşüb. «Təbii ki, bütün bunlar qadınlar arasında da yoxsulluğun aradan qaldırılmasına   müsbət təsir göstərir. Ermənistanın ölkəmizə qarşı işğalçı siyasət nəticəsində 400 min nəfər qadın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyinə düşüb. Dövlət onların sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Eləcə də, qadınlar arasında sahibkarlığın inkişafına da diqqət yetirilir. Bu gün ölkə sahibkarlarının 20 faizini qadınlar təşkil edir. Hökumətimizin bu istiqamətdə siyasəti davamlı xarakter daşıyır»- deyə, S.Fətəliyeva vurğulayıb.

Tədbirdə çıxış edən Ümumçin Qadın Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin baş direktor müavini Sonq Venyan Çin Xalq Respublikasının bu yöndəki təcrübəsi haqqında məlumat verib.

Sessiyada, həmçinin, İndoneziya Rifah və Ədalət Partiyasının Qadın Qolunun müdiri Anis Byarvati Burhanuddin, Laos Milli Assambleyasının İqtisadi planlaşdırma və maliyyə komitəsinin sədr müavini Bouakham Thipphavonq, Pakistan Müsəlman Liqasının Xarici əlaqələr komitəsinin sədri və qadın qolunun sədri, Senatın üzvü Nuzhat Sadiq, Taylandın «Pheu Thai» partiyasının təmsilçisi, Baş nazir ofisinə tabeli keçmiş nazir Nalinee Taveesin və Kamboca Xalq Partiyasının gənc üzvü, Nazirlər Şurası Ofisinin ASEAN departamentinin direktoru Polyne Hean çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.  

İclasda Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya, Qadınların siyasi iştiraklılığı üzrə III plenar sessiya və bağlanış sessiyası keçirilib.

İclasın sonunda “Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi”nin qəbul olunub.