YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin dönüş məqamı: vətənə, böyük siyasətə qayıdış

Arzu Abdullayev

Naxçıvan Dövlət Universitetinin prorektoru,

tarix üzrə fəlsəfə doktoru, dosent

Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı ümummilli lider Heydər Əliyev həyata keçirmişdir.

SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də ulu öndər Heydər Əliyev həmin çətin məqamda xalqının yanında olmağı olmaq üçün Moskvadan Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da  xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il iyulun 20-də  Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəldi. Bu Qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.

...22 iyul 1990 -cı il bəlkə də salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. Həmin gün Moskvadan Bakıya qayıdan böyük dövlət xadimi Heydər Əliyevin xalq arasındakı şəxsi nüfuzundan qorxan Kremlin ölkəmizdəki nökərləri təşvişə düşdülər. Müxtəlif yollarla onu paytaxtdan uzaqlaşdırmaq istəyənlər hətta fiziki təsirlərə əl atılacağını belə gizlətmirdilər. Sovetlər dövründə birinci katib kimi qurub-yaratdığı respublikadakı şəxsi mənzilində belə yaşamağa imkan verilmədiyi üçün məcbur qalıb ata ocağına-Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar.

Həmin illərdə Naxçıvan olduqca gərgin bir vəziyyətdə idi. Bu dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən hücumlara məruz qalan, dincliyi əlindən alınan Naxçıvan, doğrudan da, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı.

Ölkənin çətin bir dövründə Ulu öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist” sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi  deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən ulu öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür". Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu ulu öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin ulu öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

Xalqın rəyini ifadə edən bir qrup ziyalı ümummilli liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən ulu öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, ulu öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda, şərəfli bir missiya gözləyirdi...

1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonar da Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Naxçıvan dövlət başçısının ötən müddətdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında daim əhatə olunmuş, bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ayrıca Prezident Sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar da Naxçıvan Muxtar Respublikanın hərtərəfli tərəqqisini təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2023-cü il iyun ayının 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı isə müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.

Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyev beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. 44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində şanlı tarix yazdı. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq etdi.

Bəli, bu gün hər bir Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bu uğurlara  Ölkə Prezidentinin vaxtilə dediyi “...Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” fikirlərinə sadiqliyin nəticəsində nail olundu.

DİGƏR Xəbərlər Arxiv