Xəbərlər
Media inkişaf etməkdədir

Malik Mirzəyev
YAP Lerik Rayon Təşkilatının sədri
149 il öncə maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olmuşdur. “Əkinçi”nin qəzeti Azərbaycan Milli Mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. "Əkinçi" zəmanəsinin mühüm elmi, texniki, kənd təsərrüfatı, mədəni yenilikləri, nailiyyətləri haqqında müntəzəm məlumat verə bilmiş, öz səhifələrində Azərbaycan ictimai fikrinin inkişafı baxımından faydalı polemika açmış, yeni elmi dünyagörüşünün parlaq nümunələrini vermişdi.
Bu gün isə Azərbaycan mətbuatı tamamilə yeni mərhələdə inkişaf edir. Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran media inkişaf etməkdədir. Şəffaflıq və vətəndaş həmrəyliyi, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi və s. müasir medianı xarakterizə edən əsas meyarlardır. 149 il öncəki və bugünkü mətbuatımızı müqayisə etsək, nə qədər böyük fərq olduğunu görərik. Lakin nəzərə almaq lazımdır ki, hazırkı səviyyəyə çatana kimi Azərbaycan jurnalistikası çox çətin və mürəkkəb yol keçib. Son illər dünyada, eləcə də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı, söz və fikir azadlığının ön plana keçməsi, dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi cəmiyyətin bütün sahələrində olduğu kimi, mediada da yeni yanaşmalar ortaya qoyur.
Azərbaycan dövləti hər zaman mətbuatın azad inkişafına diqqət yetirib, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə önəm verib, KİV-lərin cəmiyyətdə rolunu yüksək dəyərləndirib. Ulu öndər Heydər Əliyevin müstəqillik illərində ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı mühüm addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən də hər zaman Azərbaycanda mətbuatın tərəqqisi, jurnalistlərin stimullaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının Azərbaycan milli mətbuatının 130, 135, 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi ölkəmizdə jurnalist əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, o cümlədən kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyəri bir daha təsdiqləyir. Bu addım bir daha sübut edir ki, “Əkinçi” qəzeti müasir dövrümüzdə də jurnalistlərin, mətbuat nümayəndələrinin istinad yeri, qiymətli xəzinəsidir.