Xəbərlər
Ölkələrimiz arasında əməkdaşlığın yeni dövrü başlayır

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Dövlət başçısı İlham Əliyevin 11-12 iyul tarixlərində Pakistana dövlət səfəri bu gün də ölkə və dünya mətbuatında geniş müzakirə edilir. İki qardaş ölkə daim əlaqələrin inkişafı istiqamətində atdıqları addımları ilə diqqətdə olurlar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu mühüm məqamı da xüsusi qeyd etmək istərdik ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistanın keşmiş Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib. Bir il sonra, 1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyıb.
İki qardaş ölkə arasında əlaqələrin inkişafını şərtləndirən önəmli amillər sırasında Pakistanın işğal dövründə və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana dəstəyi xüsusi vurğulanır. “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirir ki, Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir.
Cənab İlham Əliyev səfər çərçivəsində Pakistan Prezidenti, həmçinin bu ölkənin Baş naziri ilə geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatında iki dost, qardaş ölkənin möhkəm təmələ əsaslanan münasibətlərindən geniş bəhs edərək bildirdi ki, biz qardaşıq və dostuq.
Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcək. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdirir. Qarşılıqlı dəstək ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır.
Tarixi Zəfərimiz əlaqələrimizin yeni istiqamətlər üzrə inkişafında öz sözünü dedi. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsinin, Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri həmin ilin iyul ayında Bakıda bir araya gələrək Bakı Bəyannaməsini imzaladılar. Bu mühüm sənəd dövlətlərarası münasibətlərdə parlamentin roluna bir daha işıq saldı.
Bu gün böyük inamla qeyd edirik ki, iki qardaş ölkə olan Pakistanla Azərbaycan arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Siyasi, iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin sözügedən səfəri mövcud əməkdaşlığın və tərəfdaşlığın möhkəmlənməsinə daha bir töhfə olacaq. Mətbuata bəyanatında “Səfər qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq” söyləyən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif vurğuladı ki, bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq: “Mən qeyd etmək istərdim ki, bir qədər əvvəl sizin burada əyləşən ekspertlərinizdən biri tərəfindən hazırlanmış İslamabadın abadlaşdırılması planı təqdim olundu… Biz bu cür planları bəzən İstanbuldan nümunə götürürdük, indi isə Bakıdan nümunə götürürük.” Pakistanın Baş naziri bu kimi fikirləri ilə Azərbaycanın təkmil inkişaf modelini, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanın hər sahədə təcrübəsinin nümunə olduğunu təsdiqlədi.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, cənab İlham Əliyevin Pakistana dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənəd imzalandı. Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. İmzalanan sənədlər münasibətlərimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.