Xəbərlər
Güclü tərəfdaşlıq əlaqələri
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib, Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə onunla diplomatik münasibətlər qurmayıb. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Ölkə başçısının iyulun 11-də İslamabada dövlət səfəri məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan və Pakistan arasında münasibətlər çoxşaxəlidir. Ölkələrimiz hər zaman müxtəlif sahələrdə əməkdaşlıq edib, lakin bundan sonra iqtisadi-ticari sahədə münasibətlər daha da inkişaf etdiriləcək.
İyulun 11-də İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkələrimiz aeasında sərmayələrin ilkin həcmi təxminən iki milyard dollardır. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Əməkdaşlığın şaxələnməsi ölkələrimiz üçün prioritetdir. Odur ki, güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq. Ölkələrimiz hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyur.
Prezident İlham Əliyevin İslamabada dövlət səfəri zamanı Azərbaycan ilə Pakistan arasında 15 adda sənədin imzalanması ölkələrimizin siyasi münasibətlərinin yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənədlərin imzalanması həmçinin ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün siyasi-hüquqi bazasını təşkil edir.
Səfər zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycan- Pakistan əlaqələrinin əsasını təşkil edən dostluq-qardaşlıq münasibətlərindən də geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Prezident İlham Əliyev bəyanatında xüsusilə vurğuladı ki, Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan və hər zaman Azərbaycanın yanında olmuş ölkədir. Vətən müharibəsi zamanı da Pakistanın yüksəkrütbəli rəsmiləri birmənalı bəyanatlar səsləndirmiş, siyasi dəstək nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəkləmişlər. Bu dəstəyi yüksək qiymətləndirən Azərbaycan xalqı 2020-ci ilin noyabrında öz Qələbəsini qeyd etdiyi zaman Pakistanın bayrağını da dalğalandırmışdır.
İyulun 11-də İslamabadda dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev Azərbaycanın Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəklədiyini bəyan etdi. Heç şübhəsiz ki, bu birmənalı dəstək qardaşlığımıza, eləcə də ölkəmizin beynəlxalq hüquqa olan sadiqliyininin təzahürüdür.