Xəbərlər
Tarixi köklərə malik münasibətlər

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər.
Mətbuata bəyanatla etdiyi çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi.
Azərbaycan-Pakistan münasibətləri qədim tarixi köklərə əsaslanır. Hər ikisi müsəlman ölkəsidir. Tarixə nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əsrlər boyu dostluq, qardaşlıq münasibətləri mövcud olub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Azərbaycan müstəqillik qazanandan bu günə kimi ölkələrimiz arasında çox yüksək səviyyədə siyasi münasibətlər qurulub. Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Pakistan başlıca yerlərdən birini tutur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Pakistan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyevin İyulun 11- də Pakistana baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Bir sıra mühüm görüşlər keçirilib. Yeni sənədlər imzalanıb. Ticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır.
Hal-hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Prezident İlham Əliyevin Pakistana son səfəri, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.