YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqlarımızı ənənəvi dəyərlərə sadiqlik birləşdirir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi, həmçinin Zirvə görüşlərinə, sammitlərə fəxri qonaq qismində dəvət olunması xüsusi qeyd edilir. Tarixi Zəfərimizdən sonra qeyd edilən istiqamətdə atılan addımların miqyası diqqətdən kənarda qalmır. Azərbaycanın tarixi Zəfəri bir daha daha sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, ədalətin zəfər çalması üçün səylər göstərmək, tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı daha da gücləndirmək gərəkdir. Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, tarixi Zəfərimizdən, ondan sonrakı dövrün reallıqlarından bəhs edilməsin.

İyulun 4-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı bir daha həqiqətlərimizin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında növbəti platforma  oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.

Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin həyatında yeni dövrün başlanmasını şərtləndirdi. Azərbaycanın söz sahibliyi daha da artdı. Ölkəmiz bütün sahələrdə davamlı uğurları ilə diqqətdədir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə  əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan qurumda  müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. Təbii ki, bunun da əsasında bir sıra mühüm amillər dayanmaqdadır. Ən əvvəl onu qeyd etmək yerinə düşər ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlara uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. 2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın BMT-dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Prezidentinin dünyada böyük hörmət və nüfuz sahibi olmasının göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətli oldu. “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki,  Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik.

Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında iyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də xüsusilə diqqətdə oldu.  Cənab İlham Əliyevin Zirvə görüşündəki çıxışında vurğuladığı kimi, türk dövlətlərinin liderləri azad Qarabağda və Şərqi Zəngəzurda olublar. Onların işğaldan azad edilmiş ərazilərimizə səfərləri qardaşlıq həmrəyliyinin təzahürü kimi qeyd edildi. O da vurğulandı ki, bu birlik, həmrəylik tarixi sahibinə qovuşan torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev bildirdi: “Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.”

Azərbaycan daim türk dünyasının birliyinə, həmrəyliyinə töhfələr verməyə səy göstərib. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi görüşlərinin keçirilməsinin təşəbbüskarı da Prezident İlham Əliyevdir. Dvlətimizin başçısının çıxışında qeyd etdiyi kimi, imzalanan  Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Bu çağırış da səsləndirildi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

DİGƏR Xəbərlər Arxiv