Xəbərlər
Türk dünyasının gücləndirilməsi xarici siyasətimizin prioritet istiqamətidir

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Bu gün ölkə və dünya mətbuatında müzakirə edilən mövzulardan biri də dövlət başçısı İlham Əliyevin Qazaxıstan Prezidentinin dəvəti ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirakı və mühüm çağırışları özündə əks etdirən çıxışıdır. Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
“ŞƏT+” formatında keçirilən Zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatıldılar. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak etmişdir.
Astana Zirvə görüşündə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əsas mövzulardan oldu. Çıxışlarda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a uğurlar arzulandı və onun məhz müvəffəqiyyətlə keçəcəyinə inam ifadə olundu. “ŞƏT+” formatında görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bu il təxminən 200 ölkənin yekdil dəstəyi ilə ölkəmizin COP29-a ev sahibliyi edəcəyinə diqqəti yönəltdi. “Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm” söyləyən dövlətimizin başçısı onu da qeyd etdi ki, biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Ölkəmiz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Cənab İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi vurğulayır ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq: “Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".
Astana Zirvə görüşü əlaqələrimizin inkişafında əsas faktorlardan olan iqtisadi imkanlarımızın təqdimatında da öz sözünü dedi. Belə ki, Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Qarabağın tacı Şuşanın ev sahibliyi etdiyi Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də Azərbaycanın malik olduğu imkanların, tarixi Zəfərinin yaratdığı reallıqların, türk dünyasının birliyinə, həmrəyliyinə töhfələrinin təqdimatı oldu. “Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!”. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Şuşa Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.